Agroprotech MMC Estoniya, Latviya və Finlandiyaya təşkil etdiyi kənd təsərrüfatı səyahəti ilə bu sahədə müasir yanaşmalar, yeni texnologiyalar və məhsuldarlığın artırılması üçün praktik həll yollarını öyrənməyi qarşısına məqsəd qoyub. Bu səfər kənd təsərrüfatı və heyvandarlıq sahəsində beynəlxalq təcrübələrin araşdırılması və yerli təsərrüfatlara uyğun yeniliklərin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Şirkətin nümayəndələri səfər çərçivəsində dünyanın müxtəlif bölgələrində geniş yayılmış yüksək məhsuldar inək cinsləri ilə tanış olublar. Bu cinslər arasında xüsusilə Aberdin Anqus, Qreferd, Lansisuomenkarja, Faba və digər məhsuldar iribuynuzlu heyvan cinsləri diqqət çəkir.

Estoniyada keçirilən görüşlər çərçivəsində ölkənin kənd təsərrüfatı və heyvandarlıq sahəsindəki mövcud vəziyyəti və yüksək göstəriciləri öyrənilib. Qeyd edilməlidir ki, Estoniya Avropa Birliyinə üzv ölkələr arasında bir inək üçün süd məhsuldarlığının orta göstəricisinə görə birinci yerdədir. Estoniya təsərrüfatlarında Holşteyn inək cinsinin məhsuldarlıq göstəriciləri xüsusi olaraq diqqətəlayiqdir. Holşteyn inəkləri üçün süd məhsuldarlığının orta hesabla 10.896 kq olduğu qeyd edilmişdir. Ümumilikdə Estoniyada saxlanılan mal-qaranın bütün süd cinsləri üçün orta süd məhsuldarlığı isə 10.628 kq təşkil edir. Bu rəqəmlər göstərir ki, Estoniyada həyata keçirilən təsərrüfat idarəetmə sistemləri və heyvandarlıqda tətbiq olunan texnologiyalar yüksək effektivliyə malikdir.

Estoniya süd istehsalı sahəsində davamlı inkişafını iribuynuzlu heyvanların genetik cəhətdən yaxşılaşdırılması və süni mayalanma texnologiyalarının geniş tətbiqi sayəsində əldə edib. Bu baxımdan Latviyanın Siquldedə yerləşən cütləşmə və süni mayalanma mərkəzi xüsusi maraq doğurmuşdur. Mərkəz yüksək keyfiyyətli, təmiz cinsli sperma istehsal edir və məhsuldarlığı artırmaq üçün beynəlxalq səviyyədə qəbul edilən metodlar tətbiq olunur. Burada genetika sahəsində aparılan işlər, cinslərin xəstəliklərə qarşı müqavimətinin artırılması və məhsuldarlığının yaxşılaşdırılmasına istiqamətlənmişdir. Bu yanaşmalar Estoniya təsərrüfatlarında bir inək üçün məhsuldarlıq rəqəmlərini müvafiq səviyyəyə yüksəldib.

Agroprotech MMC-nin nümayəndələri səfər zamanı heyvandarlıqla bağlı genetik optimallaşdırma proseslərinə, yemləmə metodlarına və saxlanma şəraitlərinə dair ətraflı məlumatlar əldə ediblər. Estoniyanın iribuynuzlu heyvan təsərrüfatlarında yem rasionunun balanslaşdırılması, düzgün protein və enerji tərkibinə malik yemlərin istifadəsi, eləcə də heyvanların sağlamlığının müntəzəm nəzarətdə saxlanması kimi təcrübələr yüksək məhsuldarlığın əldə olunmasında əsas amil kimi təqdim olunub.

Azərbaycanın kənd təsərrüfatı sektoruna bu təcrübələrin tətbiqi, yerli təsərrüfatların səmərəliliyini artırmaq baxımından böyük əhəmiyyət daşıyır. Agroprotech MMC Estoniyanın nailiyyətlərini öyrənərək, yerli fermerlər və təsərrüfat sahibləri üçün məhsuldarlığın artırılmasına yönəlmiş yeni strategiyalar hazırlamağı qarşısına məqsəd qoyur. Təcrübəli inək cinslərinin, xüsusi olaraq Holşteynlərin, genetik potensialından yararlanmaq və bu sahədə süni mayalanma texnologiyalarını geniş tətbiq etmək Azərbaycanın süd və ət istehsalı üzrə rəqabət qabiliyyətini artırmaq üçün mühüm addım ola bilər.
