Bu cins xarici mühitə yaxşı uyğunlaşan, yemlərdən səmərəli istifadə edən, bala ölümü aşağı, yüksək ətlik keyfiyyətlərə malik olan və hazırda dünyanın hər yerində geniş yayılmış ətlik cinsidir.

Heyvanlar əsasən qara və qırmızı rəngdə olmaqla buynuzsuzdur. Başqa cinslərlə çarpazlaşdırıldıqda öz buynuzsuzluq əlamətini saxlaya bilirlər. Digər ətlik cinslərə nisbətən bu cins xırda hesab olunur. Buğalar 750-850 kiloqram, inəklər 500-600 kiloqram, doğulduqda erkəklər 30 kiloqram, dişilər 25 kiloqram olurlar. Aberdeen-anqus cinsinin  bədəni zəif yağ təbəqəsi ilə örtülü olur. Ət kəsim çıxanı 60-65 faizə çatır. Heyvan çox yetişkən olmaqla on səkkiz aylıqda canlı kütləsi 450 kiloqramdan çox olur.

100 baş inəkdən azı 95,4 bala alınır. Yemlənməsindən asılı olaraq  günlük çəki artımı 800-850 qram olur.

Bu cins respublikamıza 1970-ci illərin əvvəllərində gǝtrilmiş, müəyyən qədər təmizlikdə yetişdirilmiş və ətlik istiqamətli təsərrüfatlarda Qafqaz qonur malı ilə kütləvi surətdə çarpazlaşdırılmışdır.